UNEC tələbələri Orhun Mübadilə Proqramı ilə Türkiyənin nüfuzlu universitetlərində təhsil alırlar

UNEC tələbələri Orhun Mübadilə Proqramı çərçivəsində beynəlxalq akademik təcrübələrini genişləndirməkdə davam edirlər. 2026/2027-ci tədris ilinin payız semestrində universitetin üç tələbəsi Türkiyənin Anadolu, Ege və Atatürk universitetlərində təhsil alır.
Türk dünyası iqtisad fakültəsinin “Maliyyə” ixtisası üzrə tələbəsi Fidan Adiyeva Anadolu Universitetində, həmin fakültənin “Biznesin idarə edilməsi” ixtisası üzrə tələbəsi Sehri Məmmədzadə Ege Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin “Sosial iş” ixtisası üzrə tələbəsi Gülnur Yolçuyeva isə Atatürk Universitetində mübadilə proqramında iştirak edirlər.
Bununla yanaşı, UNEC Dizayn məktəbinin “Dizayn” ixtisası üzrə tələbəsi Kamal Nuriyev Orhun Mübadilə Proqramı çərçivəsində İstanbul Ticaret Universitetində təhsil almaq hüququ qazanıb. O, 2026/2027-ci tədris ilinin yaz semestrində təhsilini Türkiyədə davam etdirəcək.
Mübadilə proqramı tələbələrə seçdikləri ixtisaslar üzrə biliklərini dərinləşdirmək, fərqli akademik mühitlə tanış olmaq və yeni tədris metodlarını öyrənmək imkanı yaradır. Bu təcrübə, eyni zamanda, onların şəxsi və peşəkar inkişafına, beynəlxalq ünsiyyət bacarıqlarının formalaşmasına və gələcək karyera perspektivlərinin genişlənməsinə töhfə verir.
Türk dövlətlərinin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına xidmət edən Orhun Mübadilə Proqramı ortaq akademik və mədəni dəyərlərin təşviqində mühüm rol oynayır. Proqram tələbələr arasında təcrübə mübadiləsini gücləndirməklə yanaşı, türk dünyasının təhsil məkanında əlaqələrin genişlənməsinə və mədəni inteqrasiyanın dərinləşməsinə də şərait yaradır.