UNEC müəllimlərinin kitabı XII Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Məhəmməd Füzuli təqdimat zonasında UNEC müəllimlərinin nüfuzlu beynəlxalq nəşriyyatlarda çap olunmuş iki kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, t.ü.f.d. Adilə Abdullayeva universitetin beynəlxalq reytinqlərdə qazandığı uğurlarda elmi-tədqiqat mühitinin və alimlərin beynəlxalq bibliometrik bazalarda indekslənən əsərlərinin mühüm rolunu vurğulayıb. O, “Economic Activities During the Occupation of Karabakh” monoqrafiyasının və “ICCPEAS 2025” beynəlxalq konfrans materialları toplusunun nüfuzlu nəşriyyatlarda çap olunmasını və Scopus bazasında indekslənməsini UNEC-in elmi fəaliyyətinin mühüm nəticələrindən biri kimi qiymətləndirib.
Sonra Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım tədqiqatçılar şurasının sədri, i.f.d. Nərgiz Hacıyeva müəllifi olduğu “Economic Activities During the Occupation of Karabakh” monoqrafiyasını təqdim edib. İlk Scopus indeksli monoqrafiya olan kitabda Qarabağın işğalı dövründə qanunsuz iqtisadi fəaliyyətlər, o cümlədən qeyri-qanuni ticarət, təbii sərvətlərin istismarı və iqtisadi nəzarət mexanizmləri təhlil olunub.
UNEC-in rektoru, professor Ədalət Muradovun və universitetin professoru İrşad Kərimlinin elmi redaktorluğu ilə ABŞ-nin “Nova Science Publishers” nəşriyyatında çap olunan monoqrafiyada ilk dəfə “işğal olunmuş iqtisadiyyatlar” (Occupied Economies) konsepsiyası irəli sürülüb.
Təqdimatda qonaq ekspert, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın katibi, s.ü.f.d. Şəbnəm Nuriyeva da çıxış edib. O, işğal dövründə gömrük prosedurlarının pozulması, təbii resursların üçüncü ölkələrə qanunsuz daşınması və qeyri-qanuni ticarət mexanizmləri barədə fikirlərini bölüşüb.
Daha sonra “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, dosent Tural Nağıyev “ICCPEAS 2025” beynəlxalq konfrans materialları toplusunu təqdim edib. Bildirilib ki, UNEC-də keçirilən “Mühəndislik və tətbiqi elmlərin aktual problemləri” mövzusunda I Beynəlxalq Elmi-Praktiki Konfransa təqdim edilmiş 96 məqalə “Springer Nature” nəşriyyat qrupuna daxil olan “Atlantis Press” tərəfindən “Advances in Engineering Research” seriyasında kitab şəklində nəşr olunub.
O, nəşrin tədqiqatçılar arasında elmi əməkdaşlığın genişlənməsindəki rolunu da diqqətə çatdırıb.
Nəşrin həmsədri, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Aytən Niyazova isə məqalələrin nəşrə hazırlanması, vahid tərtibat və beynəlxalq nəşr tələblərinə uyğunlaşdırılması barədə məlumat verib.
Sonda iştirakçıların təqdim olunan nəşrlərlə bağlı sualları cavablandırılıb.