UNEC-in Maliyyə və mühasibat fakültəsində şahmat turniri keçirildi

UNEC-in Maliyyə və mühasibat fakültəsində şahmat turniri keçirildi

Rəsmi mənbə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi ilə fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşəbbüsü ilə tələbələr arasında maraqlı şahmat turniri təşkil olunub. Tədbirin əsas məqsədi gənc tələbələrin intellektual potensialını üzə çıxarmaq, onların məntiqi təfəkkür və strateji düşünmə bacarıqlarını inkişaf etdirmək, eləcə də kollektiv daxilində sağlam rəqabət və dostluq münasibətlərinin möhkəmləndirilməsi olub.

Gərgin və rəqabətli mühitdə keçirilən turnirdə iştirakçılar yüksək səviyyədə oyun nümayiş etdiriblər. Mübarizənin nəticələrinə əsasən, “Maliyyə” ixtisası üzrə II kursun 680 saylı qrup tələbəsi Fuad Əliyev birinci yeri qazanaraq turnirin qalibi olub. İkinci yeri isə “Mühasibat” ixtisası üzrə II kursun 428 saylı qrup tələbəsi Rüstəm Tahirov tutub. Üçüncü yerə isə “Maliyyə” ixtisası üzrə I kursun 632 saylı qrup tələbəsi Kənan Muxtarov layiq görülüb.

Tədbirin yekununda turnirin qalibləri və mükafatçılarını diplom və medallarla təltif edərək, onları təbrik ediblər. Bu cür tədbirlər tələbələrin asudə vaxtlarını səmərəli keçirməsinə, intellektual qabiliyyətlərinin inkişafına və fakültədə tələbə həyatının canlandırılmasına mühüm töhfə verir. UNEC-in Maliyyə və mühasibat fakültəsi tələbələrin hərtərəfli inkişafına, onların intellektual səviyyəsinin artırılmasına və universitet həyatında fəal iştirakının təşviqinə yönələn bu kimi təşəbbüsləri dəstəkləməyə davam edəcəyini bildirir. Şahmat turniri təkcə bir idman yarışından ibarət deyil, eyni zamanda gənclərin xarakterini formalaşdıran və onları gələcək peşəkar fəaliyyətə hazırlayan vacib bir platforma kimi qiymətləndirilir.

Xəbərlər