UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda 2026/2027-ci tədris ili üzrə qəbulun nəticələri, professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi, elmi tədqiqatların təşviqi, süni intellekt sahəsində təşəbbüslər və digər aktual məsələlər müzakirə olunub.
İclasda ilk olaraq tədris üzrə prorektor, dosent Gəray Musayev 2026/2027-ci tədris ili üzrə UNEC-ə bakalavriatura və magistratura səviyyələrinə qəbulun nəticələri haqqında hesabatla çıxış edib.
Bildirilib ki, cari tədris ili üzrə hər iki təhsil səviyyəsində qəbul planı uğurla yerinə yetirilib. Belə ki, UNEC-in bakalavriatura səviyyəsinə 3696, magistratura səviyyəsinə 2546, əcnəbi vətəndaşlar üzrə isə 431 nəfər qəbul olunub. UNEC-in Zaqatala filialına 455, universitetin nəzdində fəaliyyət göstərən kolleclərə isə 1574 tələbə qəbul edilib. Universitetə qəbul olunan və 600 və daha yüksək bal toplayan abituriyentlərin sayı 233 nəfər təşkil edib.
Hesabatda qəbul nəticələri ixtisas qrupları, tədris dilləri, fakültələr və qəbul balları üzrə ətraflı təhlil olunub.
Daha sonra elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əməkhaqqı sisteminin tətbiqi qaydalarına, eləcə də nüfuzlu elmi nəşrlərdə məqalələri dərc olunan UNEC əməkdaşlarının mükafatlandırılması qaydalarına dəyişikliklərlə bağlı məlumat verib.
Elmi Şurada ACCA-nın Financial Management (FM) imtahanı üzrə əldə edilən nəticələrin akademik qiymət kimi tanınması ilə bağlı təkliflər də müzakirə olunub. Bununla yanaşı, 90 kreditlik proqram üzrə təhsil alan magistrantların elmi-pedaqoji təcrübəsinin təşkili, "Elmi-tədqiqat" və “Elmi-pedaqoji” təcrübələrin keçirilməsi qaydaları ilə bağlı məsələlər nəzərdən keçirilib.
Təhsil və elm sahəsində süni intellekt üzrə təşəbbüslərin stimullaşdırılması məqsədilə UNEC Süni İntellekt İnstitutunun Əsasnaməsinin təsdiq edilməsi məsələsinə baxılıb.
İclasda, həmçinin “Data elmi və iqtisadiyyat”, “Süni intellekt və iqtisadiyyat” və “Rəqəmsal dövlət idarəçiliyi və intellektual menecment” ixtisaslarının ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına daxil edilməsi üçün müvafiq təkliflərin hazırlanması və Elm və Təhsil Nazirliyinə müraciət olunması məsələsi müzakirə edilib.
“Kompüter elmləri” ixtisası üzrə doktorant hazırlığının təşkili ilə bağlı təkliflər də Şuranın gündəliyində yer alıb.
Müzakirələr zamanı səsləndirilən təkliflər Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Bununla yanaşı, UNEC-də yeni “Cyber Club UNEC” tələbə təşkilatının yaradılması və təşkilatın Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul olunub.
İclasın sonunda bir qrup əməkdaşa elmi adların verilməsi məsələsi ilə bağlı gizli səsvermə keçirilib.