UNEC Dizayn Məktəbində ətraf mühit və sağlam həyat tərzi mövzusunda maarifləndirici tədbir keçirildi

UNEC Dizayn Məktəbində ətraf mühit və sağlam həyat tərzi mövzusunda maarifləndirici tədbir keçirildi

Rəsmi mənbə

UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə “Ətraf mühit və sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan “Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova əhalinin sağlamlığının qorunmasının cəmiyyətin sosial rifahının təmin edilməsində həlledici rol oynadığını qeyd edib. O, sağlamlığın qorunmasının insanların fiziki və psixi baxımdan sağlam qalmasını, fəal və uzunömürlü həyat sürməsini, eləcə də keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsini nəzərdə tutan kompleks tədbirləri əhatə etdiyini vurğulayıb.

Daha sonra Məktəbin katibi, baş müəllim Aytən Ağayeva və “Dizayn” kafedrasının baş müəllimi Günay Cavadzadə-Talıbova çıxış edərək əhalinin sağlamlığının qorunmasının hüquqi əsasları barədə məlumat veriblər. Çıxışlarda Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununda əksini tapan əsas prinsiplər diqqətə çatdırılıb. Eyni zamanda, ətraf mühitin insan sağlamlığına olan təsiri, ekoloji amillərin nəzərə alınmasının vacibliyi və sağlam həyat tərzinin formalaşdırılmasında fərdi məsuliyyətin rolu xüsusi olaraq qeyd olunub.

Tədbir çərçivəsində iştirakçılara sağlamlığın qorunması, ekoloji mühitə məsuliyyətli yanaşma və gündəlik həyatda sağlam vərdişlərin təşviqi kimi məsələlərin əhəmiyyəti izah edilib. Tədbir sonda iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması və sağlam həyat tərzinin təşviqinə həsr olunmuş maarifləndirici videoçarxın nümayişi ilə yekunlaşdırılıb. Bu tədbir, universitet tələbələrinin ekoloji fəallıq və şəxsi sağlamlıq məsuliyyəti kimi dəyərləri daha dərin mənaya çatdırmasına və bu sahədə fəaliyyət göstərməsinə töhfə verib.

Xəbərlər