UNEC-də narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilib

UNEC-in Biznes və menecment fakültəsində “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini, dosent Elbrus Əkbərov narkotik vasitələrdən istifadənin artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu vurğulayıb. O, xüsusilə bu təhlükəli tendensiyanın gənclər arasında daha çox müşahidə olunmasının narahatlıq doğurduğunu qeyd edərək, narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınmasında maarifləndirmə işinin əhəmiyyətinə diqqət çəkib.
Daha sonra UNEC Tələbə poliklinikasının əməkdaşı, həkim İntizar Cəfərova mövzu ilə bağlı çıxış edərək tələbələri narkotik vasitələrin istifadəsinin yaratdığı təhlükələr və bu istiqamətdə profilaktik tədbirlərin əhəmiyyəti barədə məlumatlandırıb.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.