UNEC-də “myGov” platformasının imkanlarına dair maarifləndirici görüş keçirildi

UNEC-də “myGov” platformasının imkanlarına dair maarifləndirici görüş keçirildi

Rəsmi mənbə

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rəqəmsal dövlət xidmətlərindən istifadənin təşviqi və vətəndaşların rəqəmsal savadlılığının artırılması məqsədi ilə maarifləndirici görüş təşkil olunub. Tədbir çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri UNEC-in Mühəndislik və Rəqəmsal İqtisadiyyat fakültələrinin, eləcə də UNEC Dizayn Məktəbinin tələbə və akademik heyəti ilə görüşüb. Əsas məqsəd “myGov” platformasının imkanlarını tanımaq və ondan istifadəni genişləndirməkdir.

Tədbiri giriş sözü ilə açan UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı, dosent Elman Cəfərov qonaqlara təşəkkürünü bildirib. O, müasir dövrdə rəqəmsallaşmanın cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən birinə çevrildiyini vurğulayıb. Dekan dövlət xidmətlərinin elektronlaşdırılmasının, onların əlçatanlığının artırılmasının və bürokratik prosedurların sadələşdirilməsinin rəqəmsal dövlət quruculuğunun mühüm istiqamətləri olduğunu diqqətə çatdırıb.

Görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Loyallıq və müştəri təcrübəsi şöbəsinin müdiri Əfruz Allahveranova, “myGov” layihəsinin baş məhsul sahibi Əli Vəliyev, aparıcı məhsul sahibi Yusif Səmədov və mütəxəssis Qüdrət Quliyev iştirak ediblər. “myGov” layihəsinin aparıcı məhsul sahibi Yusif Səmədov etdiyi təqdimatda platformanın funksional imkanları, istifadə qaydaları və vətəndaşların rəqəmsal xidmətlərdən rahat və operativ şəkildə yararlanması barədə ətraflı məlumat verib. O, belə platformalardan düzgün istifadə etməyin rəqəmsal bacarıqların inkişafı baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, “myGov” platformasının imkanları və ondan istifadə qaydaları ətrafında geniş müzakirələr aparılıb. Bu cür görüşlər universitet tələbələrinin rəqəmsal dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir.

Xəbərlər