UNEC-də inklüziv cəmiyyətin formalaşmasında könüllülərin rolu müzakirə olunub

UNEC İnklüziv Tədris Mərkəzinin direktoru Sevinc Məhsimova 5 saylı Bakı ASAN xidmət mərkəzinin könüllüləri üçün “İnklüziv cəmiyyətin formalaşmasında könüllülərin rolu” mövzusunda maarifləndirici görüş keçirib.
Görüşün məqsədi könüllülərin inklüziv cəmiyyətin formalaşmasında rolunu diqqətə çatdırmaq, həssas kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyəti barədə məlumat vermək, eləcə də iştirakçılarda inklüzivlik və bərabər imkanlarla bağlı məlumatlılığı artırmaq olub.
Sevinc Məhsimova çıxışında inklüziv cəmiyyətin formalaşmasının hər bir fərdin hüquq və imkanlarına hörmətlə yanaşmaqdan, ayrı-seçkiliyin qarşısının alınmasından və bütün şəxslərin cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsindən başladığını bildirib. O, bu prosesdə könüllülərin maarifləndirmə işlərinə töhfə verməsinin, həssas kateqoriyadan olan şəxslərə dəstək göstərməsinin və cəmiyyətdə empatiya, anlayış və qarşılıqlı hörmət prinsiplərinin təşviqinin vacibliyini vurğulayıb.
Daha sonra UNEC-də həssas kateqoriyadan olan tələbələr üçün yaradılan imkanlar, onların təhsil prosesində iştirakının dəstəklənməsi və universitet mühitində inklüzivliyin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. İnklüziv Tədris Mərkəzinin fəaliyyəti haqqında danışan Sevinc Məhsimova mərkəzin tələbələrin ehtiyaclarının nəzərə alınması, onların təhsil imkanlarının genişləndirilməsi və universitet həyatına fəal inteqrasiyasına dəstək göstərilməsi istiqamətindəki fəaliyyətini diqqətə çatdırıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.