UNEC Biznes Məktəbində kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

UNEC Biznes Məktəbinin təşkilatçılığı ilə “Rəqəmsal Dünyada Kibertəhlükəsizlik: Risklər, Təhdidlər və Müdafiə” mövzusunda onlayn təlim təşkil olunub.
UNEC Biznes Məktəbinin müəllimi Nail Məmmədovun apardığı təlimin məqsədi iştirakçıların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində biliklərini artırmaq, onları rəqəmsal mühitdə mövcud olan risklər və bu risklərdən qorunma üsulları barədə məlumatlandırmaq olub.
Təlim zamanı müasir dövrdə geniş yayılmış kibertəhlükələr, informasiya təhlükəsizliyinə təsir edən risklər, kiberhücumların əsas növləri və onlardan müdafiə yolları ətrafında ətraflı məlumat verilib. Həmçinin fərdi və korporativ məlumatların qorunması, informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal mühitdə təhlükəsizliyin gücləndirilməsinə xidmət edən müasir yanaşmalar müzakirə olunub.
Zoom platforması üzərindən keçirilən təlimdə kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının, rəqəmsal savadlılığın artırılmasının və informasiya resurslarından təhlükəsiz istifadənin vacibliyi vurğulanıb. Eyni zamanda, rəqəmsal mühitdə qarşılaşa biləcək təhlükələrə qarşı diqqətli olmağın və şəxsi məlumatların qorunması istiqamətində zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.