UNEC alimlərinin məqaləsi “Elsevier” nəşriyyatında dərc olunub

UNEC alimlərinin ABŞ və Sloveniyadan olan tədqiqatçılarla birgə hazırladıqları elmi məqalə “Elsevier” nəşriyyatının Q1 kvartilli Social Sciences & Humanities Open jurnalında dərc olunub.
“Azərbaycan ali təhsil sistemində elmin beynəlmiləlləşməsinin institusionallaşdırılması” mövzusuna həsr olunan məqalədə ölkənin ali təhsil müəssisələrində elmi fəaliyyət, beynəlxalq əməkdaşlıq və beynəlmiləlləşmə strategiyaları araşdırılıb.
Tədqiqatın müəllifləri UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının sədri, dosent Nərgiz Hacıyeva, ABŞ-ın Miçiqan Universitetinin professoru John Branch, Sloveniyanın Lyublyana Biznes Məktəbinin dosenti Katarina Askerc Zadravec və UNEC Biznes Məktəbinin müəllimi Səidə Xəlilidir.
Araşdırma çərçivəsində Azərbaycanın 26 ali təhsil müəssisəsinin 2019–2024-cü illər üzrə elmi fəaliyyəti Scopus və SciVal bazalarının məlumatları əsasında təhlil edilib. Nəticələr göstərib ki, universitetlərdən yalnız 9-da (34,6%) beynəlmiləlləşmə üzrə rəsmi strategiya mövcuddur. Həmçinin, beynəlxalq elmi əməkdaşlığın yüksək elmi təsirə zəmanət vermədiyi, universitet–sənaye əməkdaşlığının isə elmi nəşrlərin istinad göstəricilərinə daha güclü müsbət təsir göstərdiyi müəyyən olunub.
Tədqiqatda beynəlxalq elmi əməkdaşlıq üzrə ixtisaslaşmış struktur bölmələrin yaradılması və elmin beynəlmiləlləşməsi üzrə milli strategiyanın hazırlanması tövsiyə edilir.
Qeyd edək ki, məqalənin hazırlanması və beynəlxalq elmi rəy prosesi təxminən iki il davam edib.