Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin əməkdaşları ADNSU-nun tələbələri ilə görüşüblər

Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi (MSTİM) yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması və istedadlı gənclərin müdafiə sənayesinə cəlb olunması məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələrlə görüş keçirib.
ADNSU ilə əməkdaşlıq çərçivəsində keçirilən görüşdə MSTİM-in Tədqiqat proqramları və insan kapitalının inkişafı ofisinin direktoru, dosent Elsevər İbadov və Akademik inkişaf və kadr hazırlığı şöbəsinin müdiri, dosent Aytən Sadıqova çıxış ediblər. Çıxışlar zamanı müdafiə sənayesinin inkişafında mühəndis kadrlarının rolu, istedadlı gənclərin bu sahəyə cəlb olunmasının əhəmiyyəti və universitetlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə tələbələrə MSTİM-in fəaliyyəti, elmi-tədqiqat və innovasiya imkanları, eləcə də müasir mühəndislik sahələrində peşəkar inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Tələbələrin diqqətinə çatdırılıb ki, elektronika, mexanika, kimya, mexatronika proqramlaşdırma, süni intellekt və robototexnika kimi istiqamətlər müdafiə sənayesinin texnoloji inkişafında mühüm əhəmiyyət daşıyır. Bu sahələr üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, nəzəri biliklərin praktiki tətbiqi və real mühəndislik problemlərinin həllində iştirak gənc mütəxəssislərin hazırlanmasının əsas istiqamətlərindəndir.
Görüşün əsas məqsədi universitet tələbələrini MSTİM-də fəaliyyət göstərməyə dəvət etmək, onların mühəndislik potensialını real iş mühitində dəyərləndirmək və gələcəkdə müdafiə sənayesi müəssisələrində işlə təmin olunmaları üçün imkanlar yaratmaq olub.