Milli Depozit Mərkəzi Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün seminar keçirib

Milli Depozit Mərkəzi Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün seminar keçirib

Rəsmi mənbə

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə UNEC-in Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün maarifləndirici seminar təşkil olunub.

Seminarın keçirilməsində əsas məqsəd tələbələrin kapital bazarları, bu sahədə fəaliyyət göstərən institusional qurumların funksiyaları və Milli Depozit Mərkəzinin ölkənin maliyyə bazarları sistemindəki rolu barədə biliklərinin artırılması, eləcə də onların nəzəri biliklərinin praktiki məlumatlarla zənginləşdirilməsi olub.

Tədbir çərçivəsində MDM-in İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli tələbələrə Milli Depozit Mərkəzinin əsas fəaliyyət istiqamətləri, funksiyaları və Azərbaycanın kapital bazarları ekosistemində tutduğu mövqe barədə ətraflı məlumat verib. O, Mərkəzin kapital bazarlarının fəaliyyətindəki rolunu, bu sahədə həyata keçirilən əməliyyatların əhəmiyyətini və maliyyə bazarı iştirakçıları arasında əlaqələrin təmin olunmasında MDM-in funksiyalarını diqqətə çatdırıb.

Seminar zamanı tələbələr kapital bazarlarının iş prinsipləri, maliyyə bazarlarının inkişafı və bu sahədə peşəkar fəaliyyət imkanları barədə məlumat əldə ediblər. Təqdimat iştirakçılara maliyyə sektorunun institusional quruluşunu daha yaxından tanımaq, akademik biliklərini real sektorun fəaliyyəti ilə əlaqələndirmək və gələcək karyera istiqamətləri barədə təsəvvürlərini genişləndirmək imkanı yaradıb.

İnteraktiv müzakirələr formatında davam edən seminarda tələbələrin sualları cavablandırılıb, kapital bazarlarının fəaliyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə MDM-in Korporativ idarəetmə departamentinin direktoru Tərlan Məmmədov və həmin departamentin İnsan resursları bölməsinin baş mütəxəssisi Ramin Həsənov da iştirak ediblər.

Xəbərlər