Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirərək onların müraciətlərinin həllinə nail olurlar. Bu çərçivədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov oktyabrın 27-də İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb. Görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmətlə yad edib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, təsərrüfatların qurulmasına və genişlənməsinə dəstək, işğaldan azad edilmiş ərazilər üzrə torpaq sahələrinin ayrılması və aqrar sığortalıq məsələləri ilə bağlı müraciətlərlə çıxış ediblər. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüş zamanı iştirakçılara “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri haqqında geniş məlumat verilib. Aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi barədə ətraflı məlumat təqdim edilib. Dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına ciddi təkan verəcəyi vurğulanıb.