Dizayn Məktəbində gender bərabərliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə “Gender bərabərliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova gender bərabərliyinin cəmiyyətin sosial inkişafında və demokratik dəyərlərin möhkəmləndirilməsində mühüm rolunu vurğulayıb. O, qadın və kişilərin hüquq bərabərliyinin təmin olunmasının, bərabər imkanların yaradılmasının və sosial bərabərliyin təşviqinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, tədbirin əsas məqsədi gender bərabərliyi, fərdlərin hüquq və imkanlarının bərabərliyi, eləcə də bu prinsiplərin ictimai münasibətlərdə tətbiqi barədə maarifləndirməni gücləndirməkdir.
Daha sonra “Dizayn” kafedrasının baş müəllimi Gülçöhrə Salehzadə çıxış edərək gender bərabərliyinin fundamental insan hüquqlarından biri və sosial ədalətin əsas prinsiplərindən olduğunu qeyd edib. O bildirib ki, gender bərabərliyinin təmin olunması ayrı-seçkiliyin aradan qaldırılması, inklüziv mühitin formalaşdırılması və sosial rifahın yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində gender bərabərliyinin əsas istiqamətləri və hüquqi təminatları, məişət zorakılığının qarşısının alınması mexanizmləri, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də təhsil sahəsində gender göstəricilərini əks etdirən statistik məlumatlar müzakirə olunub.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və gender bərabərliyinin təşviqinə, qarşılıqlı hörmət və bərabər hüquqlar prinsiplərinin təbliğinə həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilib.