BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində elmi irsini və yeni nəşrlərini nümayiş etdirir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində elmi irsini və yeni nəşrlərini nümayiş etdirir

Rəsmi mənbə

Bakı Dövlət Universiteti (BDU) 21–27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında baş tutan bu tədbirdə universitetin elmi və tədris potensialı geniş şəkildə təqdim olunur.

BDU-nun sərgi stendində son iki ildə çap olunmuş elmi və tədris nəşrləri nümayiş etdirilir. Burada professor-müəllim heyətinin 2025-2026-cı illərdə nəşr etdirdiyi kitablar, dərsliklər, “Bakı Universitetinin Xəbərləri” elmi jurnalının son seriyaları, fakültə konfranslarının materialları və monoqrafiyalar yer alır. Bu kolleksiya universitetin elmi fəaliyyətinin müxtəlif istiqamətlərini və akademik nəşrlər sahəsindəki uğurlarını əks etdirir. Ziyarətçilər stenddə universitetin tarixi, elmi araşdırmaları və pedaqoji nailiyyətləri haqqında videoçarxı izləyə, nümayəndələrdən ətraflı məlumat ala bilərlər. Həmçinin, BDU loqolu xatirə əşyaları ziyarətçilərə hədiyyə edilir.

Sərgi müddətində universitetin təşkilatçılığı ilə beş əhəmiyyətli ədəbi-elmi tədbir planlaşdırılıb. Oktyabrın 21-də akademik Nizami Cəfərovun “Birinci Türkoloji Qurultayın dərsləri” kitabı təqdim olunacaq. Oktyabrın 22-də “Məhəmməd Füzuli” zonasında “Klassik ədəbiyyat və türkologiya” mövzusunda məclis və “BDU-nun Şərqşünaslıq jurnalı”nın təqdimatı keçiriləcək. Oktyabrın 25-də “BDU-nun Media problemləri” jurnalı, oktyabrın 27-də isə Jurnalistika fakültəsinin kafedra müdirləri Aynur Nəsirova və Xatirə Hüseynovanın “Radio jurnalistikası” dərsliyi oxuculara təqdim ediləcək.

BDU-nun bu sərgidə iştirakı elmi nəşrlərin daha geniş auditoriyaya çatdırılmasına, universitetin tanıtılmasına və akademik mühitlə oxucular arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Universitet bütün sərgi ziyarətçilərini stendini ziyarət etməyə və tədbirlərdə iştirak etməyə dəvət edir.

Xəbərlər