BDU tələbələri Bakı Zooloji Parkında canlı təcrübə əsasında biomüxtəlifliyi öyrənirlər

BDU tələbələri Bakı Zooloji Parkında canlı təcrübə əsasında biomüxtəlifliyi öyrənirlər

Rəsmi mənbə

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində tədris prosesinə yenilikçi yanaşma tətbiq olunur. Bioekologiya kafedrasının müəllimi, eyni zamanda Bakı Zooloji Parkının direktoru Nəzakət İsayeva “Ekologiya” ixtisası üzrə IV kurs tələbələrinə nəzəri biliklərlə yanaşı, praktiki təcrübəni də birləşdirən innovativ dərslər keçir. Bu çərçivədə “Biomüxtəlifliyin qorunması” fənni üzrə mühazirə və məşğələlərin bir hissəsi birbaşa Bakı Zooloji Parkının ərazisində aparılır.

Dərs zamanı tələbələrə biomüxtəlifliyin qorunmasının ekoloji əhəmiyyəti, nadir heyvan növlərinin mühafizəsi və onların təbii yaşayış mühitinin saxlanması ilə bağlı ətraflı məlumatlar verilir. Nəzəri bilikləri təsdiqləmək məqsədi ilə tələbələr balıqlar və sürünənlər sinfinə aid müxtəlif heyvan növlərini əyani şəkildə müşahidə etmək imkanı qazanırlar. Bələdçinin rəhbərliyi ilə keçirilən ekskursiyalar zamanı gənclər həm Azərbaycan, həm də dünya faunasının unikal nümunələri ilə tanış olub, onların bioloji xüsusiyyətlərini və davranış qanunauyğunluqlarını öyrənirlər.

Tədris proqramının vacib bir hissəsi də nəsli kəsilmək təhlükəsində olan növlərin qorunmasıdır. Dərslərdə Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş heyvan növlərinin vəziyyəti, populyasiyalarının bərpası yolları və onları yenidən təbii mühitə qaytarmağa yönəlmiş reintroduksiya proqramları müzakirə olunur. Bu yanaşma tələbələrə yalnız kitabdan deyil, reallıqdan öyrənməyə imkan verərək, ekoloji problemlərin həllində daha səmərəli peşəkarlar yetişməsinə töhfə verir. BDU-nun bu cür praktiki addımları, universitetin keyfiyyətli təhsil standartlarını qorumaq və tələbələri müasir elmi tələblərə uyğun hazırlamaq istiqamətindəki fəaliyyətini göstərir.

Xəbərlər