BDU-da Qərbi Azərbaycandan yüksək balla qəbul olunan gənclərlə görüş keçirildi

Qərbi Azərbaycan İcması (QAİ) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə 2026/2027-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında fərqli nəticələrə imza atan Qərbi Azərbaycandan olan gənclərlə görüş təşkil olunub. Tədbir gənclərin nailiyyətlərini qeyd etmək və onlara gələcək yol xəritəsini müəyyən etmək məqsədi daşıyıb.
Görüşü giriş sözü ilə açan BDU rektoru Elçin Babayev yüksək balla tələbə adını qazanmış gəncləri və Prezident təqaüdçülərini təbrik edib. Rektor bu uğurun gələcək peşəkar nailiyyətlər üçün böyük stimul və eyni zamanda mənəvi məsuliyyət olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsilin inkişafına və istedadlı gənclərin dəstəklənməsinə xüsusi önəm verildiyini qeyd edib. Rektor, universitetdə fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin işinə toxunaraq, bu torpaqların tarixi və mədəni irsinin elmi əsaslarla öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. Elçin Babayev gəncləri tarixi yaddaşı yaşatmağa çağırıb və onların gələcəkdə müxtəlif sahələrdə uğurlu mütəxəssislər kimi yetişəcəyinə inandığını bildirib.
QAİ İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli isə gəncləri göstərdikləri yüksək nəticələr münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb. İcma sədri qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, tarixi yaddaşın qorunması və Qayıdış Konsepsiyasının həyata keçirilməsində savadlı, vətənpərvər və fəal gənclərin üzərinə böyük məsuliyyət düşür. O, gənclərin milli-mədəni irs və doğma torpaqlara qayıdış ideyası ilə bağlı biliklərini artırmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə BDU-nun professoru Misir Mərdanov, Ağsaqqallar Şurasının və Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, professor Mahirə Hüseynova, Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov və Prezident təqaüdçüsü Zəfər Həsənli də çıxış ediblər. Onlar gənclərə Qərbi Azərbaycan həqiqətlərini daha dərindən öyrənməyi, seçdikləri ixtisasa dərindən yiyələnməyi və təhsil illərindən səmərəli istifadə etməyi tövsiyə ediblər. Məqsəd, gələcəkdə qazanılan biliklərin ölkənin inkişafına, müstəqilliyinin və suverenliyinin qorunmasına yönəltməkdir.
Görüşün sonunda qəbul imtahanlarında ən yüksək nəticə göstərən Qərbi Azərbaycandan olan gənclərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.