BDU-da professor-müəllimlər üçün süni intellektin tədrisə inteqrasiyası üzrə təlim keçirilib

Bakı Dövlət Universitetində (BDU) professor-müəllim heyəti üçün “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” mövzusunda mütəxəssis təlimi təşkil olunub. Təlimin əsas məqsədi müəllimlərin süni intellekt texnologiyalarından bilincli və effektiv şəkildə istifadə bacarıqlarını artırmaqdan ibarətdir. Tədbirdə BDU-nun Magistratura şöbəsinin müdiri Səbuhi Talıbov iştirakçılara süni intellektin tədris prosesinə və gündəlik idarəetməyə tətbiqi, eləcə də akademik iş yükünün azaldılmasına yönələn üsullar haqqında ətraflı məlumat verib.
Səbuhi Talıbov xüsusilə vurğulayıb ki, süni intellekt texnologiyaları müəllimin yerini tutmaq üçün nəzərdə tutulmayıb. Əksinə, bu texnologiyalar gündəlik rutin tapşırıqların avtomatlaşdırılması vasitəsilə müəllimlərə keyfiyyətli tədrisə və elmi-tədqiqat işlərinə daha çox vaxt ayırmaq imkanı yaradır. Təlim interaktiv formatda keçirilib və iştirakçılar üçün praktiki tətbiq istiqamətləri müzakirə olunub.
Proqramda məxfiyyətin qorunması məsələsinə xüsusi diqqət yetirilib. İnternetə qoşulmadan, birbaşa lokal kompüterlərdə işləyən təhlükəsiz süni intellekt sistemləri, məsələn, Llama 3 və DeepSeek platformaları təqdim edilib. Bu sistemlər Universitetin daxili qaydalarına uyğun fəaliyyət göstərən ağıllı köməkçi mexanizmlər kimi işləyir. Təlimçilər təhsilalanların akademik irəliləyişinin izlənməsi, geriləmələrin erkən mərhələdə aşkarlanması, fənn proqramlarının və imtahan suallarının keyfiyyət təhlili kimi mövzularda real nümunələr əsasında izahatlar verib. Bu addım universitetin tədris keyfiyyətini yüksəltmək və müasir texnologiyaları pedaqoji prosesə inteqrasiya etmək istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir.