BDU-da “Məzunun izində” layihəsi: Gənclərə karyera və qrant imkanı üzrə məsləhətlər

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə “Məzunun izində” layihəsinin növbəti görüşü uğurla keçirilib. Tədbirdə universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Gənclər üçün Prezident mükafatı laureatı və “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova iştirak edib.
Görüşün əhəmiyyətini vurğulayan BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, layihənin tələbələrin dünyagörüşünü genişləndirmək, peşəkar inkişafını dəstəkləmək və gələcək karyera imkanları haqqında onları məlumatlandırmaq baxımından böyük rol oynadığını qeyd edib. O, qonağın həyata keçirdiyi sosial və ictimai layihələrdən bəhs edərək bu təşəbbüslərin gənclər üçün ilhamverici rolunu diqqətə çatdırıb.
Gülbağda Leysanova çıxışı zamanı iştirakçılara gənclər üçün təşkil olunan qrant müsabiqələri haqqında ətraflı məlumat verib. O, müsabiqələrdə iştirak qaydaları, müraciət prosesinin əsas mərhələləri və qrant qalibi olduqdan sonra layihələrin icrası mexanizmləri barədə təfərrüatlı izahat verib. Qonaq, layihələrin hazırlanması, planlaşdırılması və uğurla icrası zamanı nəzərə alınmalı texniki və strateji məqamları qeyd edərək, öz təcrübəsini gənclərlə bölüşüb.
Xüsusi diqqət, layihələrin uğurla reallaşdırılmasında peşəkar komandanın formalaşdırılmasına, qarşılıqlı əməkdaşlığa və düzgün planlaşdırmanın roluna yönəldilib. Leysanova, müvəffəqiyyətli nəticələrə çatmaq üçün komanda ruhunun və sistematik yanaşmanın vacib olduğunu vurğulayıb.
Tədbirin sonunda iştirakçıların qrantlar, karyera inkişafı və peşəkar fəaliyyətlə bağlı sualları cavablandırılıb. Bu cür görüşlər universitet tələbələrinin ictimai həyatda fəallığını artırmağa və peşəkar bacarıqlarını inkişaf etdirməyə əhəmiyyətli töhfə verir.