BDU-da elmi tədqiqatın əsaslarına dair seminar keçirilib

BDU-da elmi tədqiqatın əsaslarına dair seminar keçirilib

Rəsmi mənbə

Bakı Dövlət Universitetində (BDU) “Elmi tədqiqatın əsasları: Prinsiplər, metodoloji yanaşmalar və beynəlxalq elmi nəşr sistemi” mövzusunda elmi seminar keçirilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev seminarın əhəmiyyəti və aktuallığı barədə doktorantlara məlumat verib. Daha sonra BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Lalə Qəhrəmanlı elmi tədqiqatın əsas prinsipləri, metodoloji yanaşmalar və beynəlxalq elmi nəşr sistemi haqqında məruzə ilə çıxış edib.

Məruzədə elmi tədqiqatın mahiyyəti, fundamental və tətbiqi tədqiqatların xüsusiyyətləri, elmi problemin müəyyənləşdirilməsi, tədqiqat suallarının və hipotezlərin formalaşdırılması, nəticələrin təhlili və elmi ictimaiyyətə təqdim edilməsi mərhələləri izah olunub. Keyfiyyət, kəmiyyət və qarışıq metodoloji yanaşmaların tətbiq imkanları, eləcə də elmi tədqiqatlarda obyektivlik, sistemlilik, dəqiqlik, təkrarlana bilmə və akademik dürüstlük prinsiplərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Seminar çərçivəsində elmi yazı mədəniyyəti, elmi mətnlərin strukturu, elmi yeniliyin əsaslandırılması və tədqiqat boşluğunun müəyyənləşdirilməsi məsələləri də müzakirə olunub. Elmi məqalə və dissertasiyaların hazırlanmasında istifadə edilən IMRaD, Huni, problem yönümlü və tematik yazı modellərinin xüsusiyyətləri haqqında məlumat verilib.

Beynəlxalq elmi nəşr sisteminə həsr olunan hissədə məqalələrin jurnallara təqdim edilməsi, redaktor yoxlaması, müstəqil ekspert qiymətləndirilməsi (peer review), düzəlişlər və nəşr mərhələləri izah olunub. Həmçinin “Web of Science”, “Scopus” və “Google Scholar” elmi məlumat bazaları, “Journal Impact Factor”, “CiteScore” və “h-index” kimi bibliometrik göstəricilərin elmi fəaliyyətin qiymətləndirilməsində rolu barədə məlumat verilib.

© 2009-2020, Bakı Dövlət Universiteti

Xəbərlər