Azərbaycan nümayəndə heyəti Çində Beynəlxalq Üzümçülük və Şərabçılıq Konqresində iştirak edir

Azərbaycan nümayəndə heyəti Çində Beynəlxalq Üzümçülük və Şərabçılıq Konqresində iştirak edir

Rəsmi mənbə

Çinin Ninsia Huy Muxtar Rayonunun paytaxtı İnçuan şəhərində Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) 47-ci Dünya Üzümçülük və Şərabçılıq Konqresi və təşkilatın 24-cü Baş Assambleyası işə başlayıb. "Üzümçülük və şərabçılıq üzrə qlobal sektor üçün yeni paradiqmaların formalaşdırılması" mövzusuna həsr olunan tədbirdə sektorun qarşılaşdığı əsas elmi, texniki və iqtisadi problemlər müzakirə olunur. Konqresdə müxtəlif ölkələrdən rəsmilər, ekspertlər və tədqiqatçilər iştirak edir. Azərbaycanı isə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirin açılış mərasimində çıxış edən nazir Məcnun Məmmədov şərabçılığın tarixən Azərbaycan kənd təsərrüfatının mühüm sahələrindən biri olduğunu və hazırda da ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verdiyini bildirib. Nazir bu sahənin davamlı inkişafının əsas strateji hədəflərdən biri olduğunu vurğulayaraq, Azərbaycan şərablarının yüksək keyfiyyəti və zəngin irsi ilə beynəlxalq bazarlarda seçildiyini diqqətə çatdırıb. Statistiki məlumatlara görə, ötən il Azərbaycanda üzüm bağlarının ümumi sahəsi 14,9 min hektara çatıb. Hesabat dövründə ölkədə 210,9 min ton üzüm və 684 min dekalitr şərab istehsal olunub, 155 min dekalitr şərab ixrac edilib. Əsas ixrac bazarları Rusiya, Türkiyə və Belarus olub.

Nazir Məcnun Məmmədov üzümçülük və şərabçılığın inkişafı istiqamətində mövcud infrastrukturun modernləşdirilməsi və kiçikmiqyaslı şərab istehsalı müəssisələrinin yaradılmasını xüsusi vurğulayıb. Qeyd olunub ki, sektorun səmərəliliyini artırmaq məqsədilə iqlim dəyişikliklərinə uyğunlaşma, suya qənaət edən suvarma sistemlərinin tətbiqi və "ağıllı kənd təsərrüfatı" texnologiyalarının inkişafı istiqamətində güzəştli maliyyələşdirmə imkanları yaradılır. Nazir beynəlxalq əməkdaşlığın gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını, OIV-in isə Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu bildirib.

Beş gün davam edəcək konqres çərçivəsində sərgilər, tanışlıq tədbirləri, paralel texniki sessiyalar və sənaye obyektlərinə səfərlər nəzərdə tutulur. Eyni zamanda, kənd təsərrüfatı naziri Çinin media nümayəndələrinə müsahibə verərək, Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi və müasir aqrotexnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb.

Xəbərlər