ADNSU və Seyfullin Universiteti arasında elmi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Astana şəhərində yerləşən Saken Seyfullin adına Qazax Aqrotexniki Tədqiqat Universitetini ziyarət edərək strateji əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil edib. Qazax tərəfdən isə Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Asel Abileva, Energetika İnstitutunun dekan müavini Maksat Anuarbekov və Beynəlxalq əməkdaşlıq və akademik mobillik departamentinin direktor müavini Guzel Tulegenova iştirak edib.
Görüşün əsas gündəlik məsələləri arasında iki universitet arasında akademik əməkdaşlığın dərinləşdirilməsi və yeni formatların tətbiqi dayanıb. Tərəflər akademik mobilliyin inkişafı, müəllim və tələbə mübadilə proqramları, birgə elmi layihələrin həyata keçirilməsi və ikili elmi rəhbərlik imkanları üzrə konkret addımlar müzakirə edib. Həmçinin, beynəlxalq səviyyəli elmi konfranslar, yay məktəbləri, beynəlxalq olimpiada və hakatonlar, eləcə də tələbə konfranslarının birgə təşkili barədə fikir mübadiləsi aparılıb. Elmi əməkdaşlığın bir daha vacib istiqaməti kimi beynəlxalq elmi jurnallarda birgə məqalələrin nəşri və tədqiqat nəticələrinin beynəlxalq platformalarda təqdim edilməsi də müzakirə mövzuları sırasında olub.
Qeyd edək ki, əsası 1957-ci ildə qoyulan Saken Seyfullin adına Qazax Aqrotexniki Tədqiqat Universiteti aqrar sahədə kadr hazırlığı və elmi tədqiqatlar üzrə ölkənin aparıcı ali təhsil müəssisələrindən biridir. Universitet fəaliyyətində dayanıqlı inkişaf prinsiplərini inteqrasiya edərək, yaşıl texnologiyalar və ekoloji dayanıqlılıq istiqamətlərində də tədqiqatlar aparır. Bu görüş, ADNSU-nun beynəlxalq əməkdaşlıq şəbəkəsini genişləndirmək və tələbələri ilə müəllimləri üçün yeni elmi imkanlar yaratmaq istiqamətindəki səylərinin davamı kimi qiymətləndirilir.