ADNSU-nun Energetika kollecində “ENERGY FEST 2026” festivalı keçirildi

ADNSU-nun Energetika kollecində “ENERGY FEST 2026” festivalı keçirildi

Rəsmi mənbə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika kollecində “ENERGY FEST 2026 – Tələbələrin İnnovativ Layihələri Festivalı” təşkil olunub. Tədbirin əsas məqsədi gənclərin innovativ potensialını üzə çıxarmaq, nəzəri biliklərin praktik layihələrə çevrilməsinə şərait yaratmaq və enerji sahəsində müasir texnologiyalara marağı artırmaqdır.

Festivalın rəsmi açılış mərasimində Bakı Neft-Energetika Kollecinin rəhbərliyini təmsil edən Zümrüd Vəliyeva, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri Cəbrayıl Əliyev və Zibeydə Süleymanlı, ADNSU-nun Startap və Texnologiyaların Transferi Ofisinin şöbə müdiri Əhməd Əhmədzadə, Energetika kafedrasının dekanı Aydın Əliyev, Elektrik və elektrik mühəndisliyi üzrə təlim mərkəzinin direktoru Natiq Həmidov və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəbrayev iştirak ediblər. Çıxışlarda enerji sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığının əhəmiyyəti vurğulanıb.

Festival çərçivəsində 16 tələbə komandası enerji səmərəliliyi, ağıllı texnologiyalar, elektrik mühəndisliyi və müasir texnoloji həllər istiqamətində hazırladıqları layihələri təqdim edib. Tələbələr öz ideyalarını nümayiş etdirərək nəzəri bilikləri praktikada tətbiq etmək bacarıqlarını göstəriblər. Tədbirin davamında “Energetikanın gələcəyi: texnologiyalar, peşə bacarıqları və dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsi aparılıb.

Festivalın bədii hissəsində Bakı Neft-Energetika Kollecinin və Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin istedadlı tələbələri musiqi proqramı ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar. Nəticədə, tələbə komandalarının layihələri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Layihələrin innovativliyi, praktiki əhəmiyyəti və tətbiq imkanları nəzərə alınaraq fərqlənən komandalar mükafatlandırılıb. Bu festival, təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi və gənclərin yaradıcı təşəbbüslərinin dəstəklənməsi baxımından əhəmiyyətli addım hesab olunur.

Xəbərlər