ADNSU-da Qazaxıstanlı doktorant texnika elmləri üzrə fəlsəfə doktoru dərəcəsini müdafiə etdi

Oktyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) FD 2.03 Dissertasiya şurasında mühüm elmi hadisə baş verdi. Qazaxıstan Respublikasının vətəndaşı, “Neft-qaz Elmi-Tədqiqat Layihə İnstitutu”nun doktorantı Seytxaziyev Esimxan Şerexanoviç texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını uğurla müdafiə edib.
Namizədin təqdim etdiyi dissertasiya işi “Neft və qazın geokimyəvi analizi əsasında yataq obyektləri arasında hidrodinamik əlaqələrin müəyyən edilməsi üsulunun işlənilməsi və tətbiqi” mövzusunu əhatə edir. Bu tədqiqat 2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə aparılıb. Müdafiə yerli və xarici professor-müəllim heyətinin geniş iştirakı ilə keçirilib. Elmi komissiya dissertasiyanın elmi dəyərini yüksək qiymətləndirərək tədqiqatın praktiki nəticələri və metodoloji yenilikləri ətrafında ətraflı müzakirələr aparıb.
Qeyd edək ki, Seytxaziyev Esimxan Şerexanoviç 2019-cu ildən bəri Azərbaycanda doktorantura təhsili alır. Onun elmi karyerası beynəlxalq təhsil təcrübəsi ilə zəngindir. Namizəd bakalavriat təhsilini Qazaxıstanda məşhur Satbayev Universitetində, magistratura təhsilini isə Böyük Britaniyanın Nyukasl Universitetində “Neft və qazın geokimyası” istiqaməti üzrə alıb. Bu çoxşaxəli təhsil yolu ona müasir neft-qaz sənayesində mürəkkəb geokimyəvi problemləri həll etmək qabiliyyəti qazandırıb.
Bu müdafiə ADNSU-nun beynəlxalq elmi əməkdaşlıq sahəsindəki fəaliyyətinin parlaq nümunələrindən biridir. Universitetin doktorantura təhsili çərçivəsində xarici ölkələrlə qurduğu əlaqələr gənclərin beynəlxalq aləmdə tanınan mütəxəssislərə çevrilməsinə mühüm töhfə verir. ADNSU bu kimi hadisələrlə ölkənin elmi potensialını gücləndirməkdə və beynəlxalq akademik mühitdə nüfuzunu artırmaqda davam edir.