ADNSU Bişkekdə keçirilən Beynəlxalq Təhsil Sərgisində təmsil olundu

ADNSU Bişkekdə keçirilən Beynəlxalq Təhsil Sərgisində təmsil olundu

Rəsmi mənbə

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) oktyabrın 20-də Qırğızıstanın paytaxtı Bişkekdə baş tutan Beynəlxalq Təhsil Sərgisində (IEF 2026) fəal iştirak edib. Bu tədbir, dörd ölkənin beş şəhərini əhatə edən geniş sərgi turunun üçüncü dayanacağı olub. ADNSU, Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “Study in Azerbaijan” layihəsi çərçivəsində universitetin imkanlarını beynəlxalq ictimaiyyətə təqdim edib.

Universitetin stendində gələcək tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təklif olunan təhsil proqramları ətraflı şəkildə izah edilib. Xüsusi diqqət ingilis dilində təhsil imkanlarına, əcnəbi vətəndaşların qəbul qaydalarına və müraciət prosedurlarına yönəldilib. Ziyarətçilərlə birbaşa ünsiyyət quran universitet nümayəndələri tələbə mübadiləsi, elmi-tədqiqat fəaliyyəti və Bakıdakı tələbə həyatı haqqında sualları cavablandırıb. Potensial tələbələr maraqlandığı ixtisaslara və təhsil planlarına görə fərdi məsləhətlər alıb, qəbul prosesinin bütün mərhələləri barədə aydın izahatlar əldə edib.

Sərgidə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər. Onların peşəkar təqdimatı regionda universitetin tanınırlığını artırmaqda mühüm rol oynayıb.

Bu ilki sərgi turuna 20-dən artıq ölkədən ümumilikdə 86 universitet və müxtəlif təşkilatlar qatılıb. Təşkilatçıların məlumatına görə, tur çərçivəsində keçirilən tədbirlərə 15 mindən çox şəxs qeydiyyatdan keçib. Qeyd edək ki, 2017-ci ildən bəri ildə iki dəfə təşkil olunan bu sərginin payız turu oktyabrın 17-də Astanada başlayıb, 18-də Almatıda, 20-də isə Bişkekdə davam edib. Turun növbəti mərhələləri oktyabrın 22-də Daşkənddə və oktyabrın 24-də Bakıda keçiriləcək. ADNSU-nun bu tədbirdə iştirakı Qırğızıstandan gələcək tələbələr ilə əlaqələrin qurulmasına və Azərbaycanda ali təhsilin regionda daha geniş tanıdılmasına ciddi töhfə verib.

Xəbərlər