ADAU–Ege ikili diplom proqramının nümayəndələri strateji və maliyyə məsələlərinə dair görüşdə iştirak ediblər

Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində beynəlxalq ikili diplom proqramlarının icrası üzrə strateji məsələlərə və maliyyə prosedurlarına həsr olunmuş görüş keçirilib.
Tədbirdə Dövlət Proqramı İdarəetmə Qrupunun, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və beynəlxalq ikili diplom proqramlarını həyata keçirən yerli ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) Türkiyənin Ege Universiteti ilə həyata keçirilən beynəlxalq ikili diplom proqramının direktoru Lamiyə Quliyeva, proqramın katibi Elcan Məmmədov və rəhbər komitənin üzvü Elçin Nəsirov təmsil ediblər.
Görüşdə DPİQ-in rəhbəri Qədir Xəlilov beynəlxalq ikili diplom proqramlarının icrası üzrə əsas prioritetlər, qarşıda duran strateji vəzifələr və görüşün məqsədləri barədə məlumat verib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Strateji layihələr departamentinin müdiri Əli Sultanlı proqramların maliyyələşdirilməsi mexanizmləri və bu sahədə əməkdaşlığın təşkili məsələlərindən danışıb.
Tədbir çərçivəsində DPİQ-in Beynəlxalq ikili diplomlar şöbəsinin müdiri Aytən Şadlinskaya maliyyələşmə məsələlərinə dair hazırlanmış təlimat kitabçasını təqdim edib. Təqdimatda maliyyələşdirmə prosedurları, müvafiq sənədlərin hazırlanması, maliyyə hesabatlılığı tələbləri və əlaqəli proseslərin icrası ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb.
Görüşün sonunda DPİQ və Dövlət Neft Fondunun nümayəndələrinin iştirakı ilə sual-cavab sessiyası təşkil olunub. İştirakçıların təlimat kitabçasının tətbiqi və ikili diplom proqramlarının icrası ilə bağlı sualları cavablandırılıb, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş beynəlxalq ikili diplom proqramlarının səmərəli idarə olunması, maliyyə prosedurlarının düzgün tətbiqi və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.