ADAU-da tələbələrin I Beynəlxalq Mədəniyyət Festivalı rəngarəng proqramla keçirilib

ADAU-da tələbələrin I Beynəlxalq Mədəniyyət Festivalı rəngarəng proqramla keçirilib

Rəsmi mənbə

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrin I Beynəlxalq Mədəniyyət Festivalı böyük maraqla və rəngarəng proqramla təşkil olunub. Tədbirdə müxtəlif ölkələrdən gələn tələbələr öz milli mədəniyyətlərini, adət-ənənələrini, kulinariya nümunələrini və incəsənət irsini təqdim etmək imkanı qazanıblar. Festivalın açılışında universitetin rektoru Zəfər Qurbanov çıxış edərək bu tədbirin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, belə təşəbbüslər müxtəlif millətlərdən olan tələbələr arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəni müxtəlifliyin təşviqi və beynəlxalq tələbə mühitinin inkişafı baxımından həlledici rol oynayır. Z. Qurbanov əlavə edib ki, ADAU-da əcnəbi tələbələrin təhsil alması universitetin beynəlxalq əlaqələrinin genişlənməsinin bariz göstəricisidir. Bu cür platformalar tələbələrə öz mədəniyyətlərini dünyaya tanımaq, digər xalqların adət-ənənələrini yaxından öyrənmək və universitet həyatında daha fəal iştirak etmək üçün əlverişli şərait yaradır.

Festivalın bədii hissəsi zəngin və müxtəlifliyi ilə diqqət çəkib. Azərbaycanlı tələbələrdən ibarət “Xarı bülbül” rəqs qrupu tamaşaçılara “Şalaxo”, “Dərvişxan” və “Naz eləmə” rəqslərini nümayiş etdirərək milli irsimizin gözəlliyini canlandırıb. Hindistanlı tələbələr isə klassik Bharatanatyam rəqsi ilə yanaşı, “Reckless”, “Skibidi”, “Khaleesi”, “Shadow Boys”, “Desi Baddies”, “Spidy Girls”, “Thunder Bolt”, “Disco Dance”, “Swaram” və “Sablaski” adlı müasir rəqs və musiqi nömrələri ilə səhnədə rəngarəng çıxışlar ediblər. Bu ifalar iştirakçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Tədbirin davamında DJ müşayiəti ilə səsləndirilən müxtəlif musiqi nömrələri tələbələrə əyləncəli və unudulmaz anlar yaşadıb. Festival, universitetdə beynəlxalq əməkdaşlığın və mədəni mübadilənin təşviqi baxımından uğurlu addım kimi yadda qalıb.

Xəbərlər