ADAU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan elmi-nəzəri konfrans keçirildi

ADAU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan elmi-nəzəri konfrans keçirildi

Rəsmi mənbə

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunan “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” mövzusunda elmi-nəzəri konfrans təşkil edilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Əhməd Məlikov iştirakçıları bayram münasibətilə təbrik edib. O, dövlət müstəqilliyinin bərpasının Azərbaycan xalqının tarixindəki mühüm yerini vurğulayaraq, bu prosesdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdırıb. Prorektor qeyd edib ki, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışdan sonra ölkədə sabitliyin təmin edilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası müstəqil Azərbaycanın gələcək tərəqqisi üçün möhkəm zəmin yaratdığı bildirilib.

Konfransda İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov “Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın dövlətçilik tarixinin əsas mərhələlərinə toxunaraq, müstəqilliyin bərpasından sonra ölkə qarşısında duran vəzifələr və suverenliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirdə İctimai fənlər kafedrasının dosenti Çinarə Səfərova “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunu işləyib. Mühəndislik fakültəsinin tələbəsi Nuranə Məmmədova isə “Müstəqil Azərbaycan Respublikası gənclərin gözü ilə” mövzusunda çıxış edib. Məruzələrdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki yeri, müstəqillik ideyasının formalaşmasındakı rolu və bu ənənələrin müasir dövrdə davam etdirilməsi məsələləri ətraflı müzakirə olunub.

Konfrans çərçivəsində Aqrotexnologiya fakültəsinin II kurs tələbəsi Leyla Tağıyeva “Yaşa, var ol hər zaman Azərbaycanım”, Torpaqşünaslıq və aqrokimya fakültəsinin IV kurs tələbəsi Arzu Rüstəmova isə “Qanımdır, canımdır Azərbaycanım” şeirlərini səsləndiriblər. Tədbir Müstəqilliyin Bərpası Gününə həsr olunan videoçarxın nümayişi ilə yekunlaşdırılıb.

Xəbərlər