ADAU-da əcnəbi tələbələrə miqrasiya qanunvericiliyi və hüquqları barədə maarifləndirici tədbir keçirildi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələr üçün Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının iştirakı ilə vacib bir maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi gəncləri Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi, ölkədə qalma və yaşama qaydaları, qeydiyyat prosedurları, eləcə də onların hüquq və vəzifələri barədə ətraflı məlumatlandırmaqdan ibarət olub.
Dövlət Miqrasiya Xidmətinin nümayəndələri əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması qaydalarını izah ediblər. Həmçinin, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi prosedurları barədə də ətraflı məlumat təqdim edilib. Görüş zamanı diqqət mərkəzində Azərbaycanda əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi məsələləri dayanıb. Tələbələrə miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri haqqında da aydın izahlar verilib.
Tədbir çərçivəsində əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb, miqrasiya prosedurlarının düzgün və vaxtında həyata keçirilməsi ilə bağlı praktiki tövsiyələr verilib. Bu cür tədbirlər universitet ictimaiyyətinin qanunlara sadiq olmasına, ölkədə qalma şərtlərini düzgün başa düşməsinə və hüquqi cəhətdən məsuliyyətli davranmasına mühüm töhfə verir. ADAU-nun bu istiqamətdəki fəaliyyəti əcnəbi tələbələrin təhsil prosesində qarşılaşa biləcəyi bürokratik və hüquqi çətinlikləri aradan qaldırmağa yönəlmişdir.