ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ili başlayıb

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ili başlayıb

Rəsmi mənbə

ADA Universitetinin Qazax Mərkəzində və Qazax Müəllimlər Seminariyasında “Bir Müəllimin Manifesti” (BMM) ixtisasartırma proqramının 2026–2027-ci tədris ilinə start verilib. Eyni zamanda, proqramın 2025/2026-cı il üzrə məzun günü də təşkil olunub. Tədbirdə ADA Universitetinin birinci prorektoru və Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Qalib Məmməd universitetin regionlaşma strategiyası və bu istiqamətdə görülən işlər haqqında məlumat verib.

Strategiya və inkişaf üzrə prorektor Vəfa Kazdal isə yeni iştirakçılara Firidun bəy Köçərli nişanlarını təqdim edərək onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Proqramın keçən ilki məzunları, yəni Azərbaycanın 15 rayonunu təmsil edən 20 müəllim və məktəb direktoru, təhsil prosesini uğurla tamamlayaraq ADA Universiteti və Təhsil İnstitutu tərəfindən sertifikatlarla təltif olunublar.

ADA Universitetinin təşəbbüsü və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu proqram artıq altıncı ilinə qədəm qoyur. Təlimlər Qazax Müəllimlər Seminariyasında və ADA Universitetində həm əyani, həm də onlayn formatlarda aparılır. Proqramın unikal tərəfi iştirakçıların yerli təlimlərlə yanaşı, beynəlxalq təcrübəni xarici səfərlər vasitəsilə nəzəri və praktik cəhətdən yerində öyrənmə imkanı əldə etmələridir.

Cari ilin avqust-sentyabr aylarında aparılan ikimərhələli seçim prosesinin nəticəsində 2026–2027-ci tədris ili üçün ölkənin 13 rayonundan 20 məktəb direktoru və fənn müəllimi seçilib. Beşillik yubileyini qeyd edən proqram fəaliyyəti dövründə regionlarda çalışan təhsil işçilərinin peşəkar inkişafına mühüm töhfə verib. Bu günədək ümumilikdə 121 regional təhsil işçisi proqramdan məzun olub.

Tədbir çərçivəsində ADA Universitetinin Qazax İncəsənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı sərgisinin açılışı da olub. Universitet rəhbərliyi, proqramın məzunları və yeni iştirakçıların qatıldığı tədbir Səməd Vurğunun Ev-Muzeyinin direktoru, şairin nəticəsi Vurğun Vəkilovun musiqi ifası ilə yekunlaşıb.

Xəbərlər